Azərbaycan universitetlərinin nümayəndələri Avropa Rektorlar Konfransının təcrübəsini öyrənmək üçün Fransaya səfər ediblər
Gəncə, 23 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 22-26-da Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb. Komissiyanın ilk səfəri Fransaya olub. Səfərin məqsədi layihə tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsini öyrənməkdir.
Səfər çərçivəsində Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə görüş keçirilməsi gözlənilir. Sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova da nümayəndə heyətinin tərkibindədir.