AZƏRBAYCAN VƏ GÜRCÜSTANIN MƏDƏNİYYƏT NAZİRLƏRİ GÖRÜŞMÜŞLƏR
Əbülfəs Qarayev bildirmişdir ki, bu səfər Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında yeni mərhələ olub, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edəcəkdir. O, ölkələrimiz arasında mədəni əməkdaşlıq proqramını genişləndirməyi təklif etmişdir. Nazir demişdir:
-Biz Azərbaycanın ərazisində yaşayan bütün xalqların mədəniyyətinə böyük maraq və diqqətlə yanaşırıq. Qaxdakı gürcü Dram Teatrının fəaliyyəti buna dəlalət edir. Azərbaycanın azsaylı xalqlarının mədəniyyət festivalını keçirməyi planlaşdırırıq. Gürcü kollektivləri artıq ərizə vermişlər.
Nazir bildirmişdir ki, Azərbaycanın Dövlət Reyestrinə bütün mədəniyyət abidələri, o cümlədən ölkəmizin ərazisindəki gürcü abidələri salınmışdır, turizm marşrutlarına daxil edilməsi məqsədi ilə onların mühafizəsi və bərpası proqramı hazırlanır.
G.Qabaşvili Gürcüstanda Azərbaycan mədəniyyətinə böyük maraq göstərildiyini qeyd etmişdir. Qonaq vurğulamışdır ki, M.F.Axundov muzeyinin və onun nəzdində fəaliyyət göstərən N.Nərimanov və C.Məmmədquluzadə xatirə muzeylərinin Gürcüstan Dövlət Reyestrinə salınması mühüm siyasi və mədəni qərardır. İndi həmin mədəniyyət obyektləri dövlət mühafizəsindədir və Gürcüstanın dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda muzeylərin əmlakının tam pasportlaşdırılması prosesi gedir. Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini hərtərəfli dəstəkləyir.
Görüşdə ölkələrimiz arasında mədəni əməkdaşlığın böyük imkanlarından, 2007-ci ildə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsindən danışılmışdır. Tərəflər birgə regional layihələrin, mədəni turizm proqramlarının, o cümlədən “Aleksandr Dümanın yolu ilə” proqramının həyata keçirilməsində, habelə “Avropanın şərab marşrutları” proqramına qoşulmaqda maraqlı olduqlarını bildirmiş, qədim müdafiə qalalarını dostluğun dayaqlarına çevirməyi təklif etmişlər.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdi.