Azərbaycan və İndoneziya bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir
Bakı, 18 noyabr (AZƏRTAC). Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov noyabrın 18-də ölkəmizdə səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Z.Əsgərov son illər ölkələrimiz arasındakı münasibətlərin intensiv şəkildə inkişaf etdiyini bildirmiş, Azərbaycanın hər zaman bu inkişafda maraqlı olduğunu söyləmişdir.
Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Z.Əsgərov ötən il hər iki ölkənin qanunverici orqanlarının sədrlərinin qarşılıqlı səfərlərinin münasibətlərin inkişafına təkan verdiyini vurğulamışdır. O, həmçinin əlaqələrin inkişafında parlamentlərarası işçi qruplarının rolunu vurğulamışdır.
Z.Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdikləri qətnamələr təəssüf ki, hələ də icra olunmur. Rəsmi Yerevan bu sənədlərə böyük hörmətsizlik nümayiş etdirir.
Xocalı qətliamı barədə də danışan Z.Əsgərov vurğulamışdır ki, bir neçə dövlət bu faciəni rəsmən soyqırımı kimi tanıdığına dair qərar qəbul etmişdir.
İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi ötən ay prezident seçkilərində İlham Əliyevin yenidən inamlı qələbə qazanması münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O, Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Dostluq qrupunun rəhbəri qeyd etmişdir ki, hər iki ölkənin malik olduğu iqtisadi potensial münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Əlaqələrimizin inkişafında parlamentlərin xüsusi rol oynadığını vurğulayan qonaq Azərbaycan və İndoneziyanın bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini məmnunluqla qeyd etmişdir.