AZƏRBAYCAN VƏ PAKİSTAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şövkət Əzizlə təkbətək görüşü başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar olmuşdur.
Danışıqlarda Pakistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılmışdır.
Prezident İlham Əliyevin rəsmi səfərini Pakistan xalqının və şəxsən özunun böyük ümidlə gözlədiyini vurğulayan cənab Şövkət Əziz Azərbaycanla indiyədək imzalanmış və bu səfər çərçivəsində imzalanacaq mühüm sənədlərdən söhbət açdı və bildirdi ki, bütün bunlar ölkələrimizin əməkdaşlığında yeni mərhələ açacaqdır.
Beynəlxalq təşkilatlarda Azərbaycanla Pakistanın çox səmərəli əməkdaşlığını razılıqla xatırladan Baş nazir, Kəşmir məsələsində Azərbaycanın Pakistan dövlətinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi.
Azərbaycanın Asiya qitəsində böyük potensiala malik Pakistanla əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyən, əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yaranmış imkanları yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı surətdə faydalı münasibətlər qurduğunu vurğuladı.
Görüşdə iqtisadi əlaqələrin daha da möhkəmlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı, o cümlədən Pakistanın iş adamlarının Azərbaycana sərmayə qoyması məsələsi diqqət mərkəzində saxlanıldı.
Pakistanın beynəlxalq layihələrə, o cümlədən TRASEKA layihəsinə tamhüquqlu üzv kimi qoşulmasının Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyi vurğulandı, ticarət dövriyyəsinin artırılması imkanları nəzərdən keçirildi. Bildirildi ki, bu baxımdan yeni nəqliyyat dəhlizinin yaradılması vacibdir və bu məqsədlə hərbi nəqliyyat vasitələrindən də istifadə oluna bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu, mövqelərin hər sahədə üst-üstə düşdüyü və ölkələrimizin bir-birini daim dəstəkləyəcəyi vurğulandı.