AZƏRBAYCAN VƏ PAKİSTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin geniş tərkibdə görüşü keçirilmişdir.
Ali qonağı bir daha səmimiyyətlə salamlayan və onun Pakistana rəsmi səfərindən böyük şərəf duyduğunu vurğulayan Prezident Pərviz Müşərrəf əminliklə bildirdi ki, burada keçiriləcək görüşlərdə hər iki ölkəni maraqlandıran bir çox məsələlər hərtərəfli müzakirə ediləcəkdir. Pakistanın dövlət başçısı özünün Azərbaycana rəsmi səfərini məmnuniyyətlə xatırlatdı və indiyədək imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğuladı. O, dövlətimizin başçısına müraciətlə dedi ki, biz əsas problemlərə eyni mövqedən yanaşırıq, ölkələrimiz arasında çoxlu oxşarlığın olması da buna əsas verir. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyini və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsini vurğulamaq istəyirəm. Biz qonşu dövlətlərlə sülh şəraitində yaşayaraq, ölkələrimizin və xalqlarımızın əlaqələrinin möhkəmlənməsini arzulayırıq.
Pakistanda aparılan islahatlar barədə məlumat verən cənab Pərviz Müşərrəf dedi ki, biz əsas diqqəti ölkənin iqtisadi inkişafına yönəldirik və bu baxımdan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə də xüsusi diqqət yetiririk.
Pakistanın Prezidenti dövlətimizin başçısına müraciətlə dedi ki, biz Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləmişik və bu mövqeyimizə bundan sonra da sadiq qalacaq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyik. Çünki dövlətlərin ərazi bütövlüyü beynəlxalq miqyasda qəbul olunmuş ən ali prinsiplərdən biridir. Əminik ki, ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylər müvəffəqiyyətlə başa çatacaq, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılacaq və ölkənizin tərəqqisində böyük nailiyyətlər əldə edəcəksiniz.
Azərbaycan Prezidenti İlham Əliyev xoş sözlərə görə və onu Pakistana rəsmi səfərə dəvətə, burada özünə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə cənab Pərviz Müşərrəfə minnətdarlığını bildirdi, ölkələrimiz arasında iqtisadi əlaqələrin günbəgün genişləndiyini diqqətə çatdırdı.
Pakistana səfərini cənab Pərviz Müşərrəfin Azərbaycana səfərinin davamı kimi səciyyələndirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasındakı münasibətlərin daimi xarakter daşımasının təzahürü kimi qiymətləndirdi. Dövlətimizin başçısı əsas məsələlərdə ölkələrimizin eyni mövqedə olmasından məmnun qaldığını bildirdi.
Prezident İlham Əliyev Pakistanın respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və Ermənistanın Azərbaycana təcavüzünü pislədiyini xatırlatdı. O, xüsusi vurğuladı ki, bu məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Bütün bunlara görə mən Pakistana və ölkənin Prezidentinə təşəkkürümü bildirirəm.
Dövlətimizin başçısı eyni zamanda, Kəşmir probleminə toxunaraq dedi ki, Azərbaycan həmin problemlə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edib və bundan sonra da edəcəkdir.
Görüşdə bildirildi ki, ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq zəruridir. 2004-cü ildə ticarət dövriyyəsinin həcmi təqribən 2 milyon ABŞ dolları olmuşdur ki, bu da ürəkaçan rəqəm deyildir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.