AZƏRBAYCAN VƏ RUSİYA DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ UĞURLA VƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİRLƏR
V.Şərifov demişdir ki, cari ilin doqquz ayı ərzində mütəşəkkil cinayətkar qruplaşmaların aşkarlanması və onların fəaliyyətinin qarşısının alınması üzrə Azərbaycan DİN bölmələrinin Rusiyadakı, iki ölkə DİN-ləri baş əməliyyat idarələrinin 43 qrupunun işini əlaqələndirmişdir. O vurğulamışdır ki, cinayətkarların axtarışına dair 78 sorğu hazırlanaraq, MDB ölkələrinin daxili işlər nazirliklərinə göndərilmişdir. Bunun nəticəsində axtarışda olan 32 şəxs yaxalanmışdır. Doqquz ayda 184 təhlükəli cinayətkar Azərbaycana ekstradisiya üçün tutulmuşdur. Onların 43 nəfəri təhvil verilmişdir.
Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi həmçinin bildirmişdir ki, Moskvada və Rusiya regionlarında, habelə MDB ölkələrində gizlənən xüsusilə təhlükəli cinayətkarların tutulması sahəsində işlərin uğurla aparılması üçün Rusiyanın regional daxili işlər idarələri ilə kifayət qədər sahmanlı iş aparılır. Məsələn, Azərbaycan DİN-in Tümen, Tula, Həştərxan, Amur vilayətlərinə, Altay diyarına, Tatarıstan, Mordva respublikalarına və digər regionlara sorğular göndərməsi nəticəsində bir çox cinayətkarları zərərsizləşdirmək və tutmaq mümkün olmuşdur.
Vaqif Şərifov sonda demişdir ki, ümumiyyətlə, Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində cari ilin doqquz ayı ərzində apardıqları birgə əməliyyatları qənaətbəxş hesab etmək olar. Lakin biz bu halla mübarizədə tədbirlərin əlaqələndirilməsi sisteminin təkmilləşdirilməsi işini dönmədən davam etdiririk.