AZƏRBAYCAN VƏ YAPONİYA HÖKUMƏTLƏRİ ARASINDA QRANT MÜQAVİLƏSİ İMZALANMIŞDIR
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov sənədin imzalanma mərasimini açaraq, Azərbaycan və Yaponiya arasında əməkdaşlığın tarixindən danışmış, ölkəmizdə elektroenergetikanın inkişafı sahəsində aparılan genişmiqyaslı yenidənqurma işlərində Yaponiya hökumətinin yüksək fəallığını xüsusi qeyd etmişdir.
Baş nazirin birinci müavini bildirmişdir ki, yaponiyalı dostlarımız Bakının xeyli hissəsini elektrik enerjisi ilə təchiz edən Müşfiqabad yardımçı stansiyanın yenidən qurulması üçün, təxminən, 8 milyon ABŞ dolları məbləğində vəsait ayırmışlar. Yaponiya hökuməti 1999-cu ildən bəri Azərbaycana, budəfəki də daxil olmaqla, İnkişafa Rəsmi Yardım Proqramı çərçivəsində müxtəlif səviyyəli layihələrin həyata keçirilməsi üçün beş dəfə qrant ayırmışdır ki, bunun da ümumi məbləği 701 milyon ABŞ dolları təşkil edir.
Natiq ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın Prezidenti İlham Əliyevin Tokioya səfərlərini xatırladaraq bildirmişdir ki, indi ölkəmizdə yaponiyalı dostlarımızın köməyi ilə aparılan böyük quruculuq işləri həmin səfərlərin bəhrəsidir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çıxışında əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Yaponiya əməkdaşlıq əlaqələrinin respublika iqtisadiyyatının inkişafına, - xüsusilə milli elektroenergetika sahəsində, - göstərdiyi müsbət təsirdən bəhs etmişdir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hideomi Nakajima ölkələrimiz arasında təşəkkül tapmış əlaqələrin xalqlarımız üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmış, bugünkü mərasimin İnkişafa Rəsmi Yardım Proqramının tərkib hissələrindən birinə həsr edildiyini, bu proqramın Azərbaycanın iqtisadi cəhətdən inkişafına təkan verəcəyini vurğulamışdır.
Axırda Azərbaycan hökuməti tərəfdən Yaqub Eyyubov, Yaponiya hökuməti tərəfdən isə Hideomi Nakajima qrant müqaviləsini imzalamışlar.