AZƏRBAYCAN VERGİLƏR NAZİRLİYİNİN 3 SAYLI ƏRAZİ VERGİLƏR İDARƏSİ BİNASININ AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Qubada Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi binasının açılışında iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Prezident İlham Əliyev müasir tələblərə cavab verən binanı seyr etdi, iş otaqları və konfrans salonu ilə tanış oldu.
Vergilər Nazirliyinin idarə rəisi Natiq Əmirov məlumat verərək dedi ki, burada avtomatlaşdırılmış vergi-informasiya sistemi (AVİS) quraşdırılmış, respublikanı əhatə edən korporativ şəbəkə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası ilə isə peyk vasitəsilə birbaşa əlaqə saxlanılır.
Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev hələ 2000-ci ildə Vergilər Nazirliyinin yaradılması barədə fərman imzalayarkən qarşıya belə bir məqsəd qoymuşdu ki, Azərbaycanın vergi xidməti qısa zamanda beynəlxalq standartlar əsasında işləyən çevik quruma çevrilməlidir. Bu tövsiyələri rəhbər tutaraq və vergi orqanlarının işlərinin avtomatlaşdırılması, digər dövlət qurumları ilə inteqrasiyanın təmin edilməsi, müxtəlif iqtisadi təhlil və proqnozlaşdırma aparılması məqsədi ilə Vergilər Nazirliyi “Avtomatlaşdırılmış vergi-informasiya sistemi”nin yaradılması üçün müsabiqə elan edilmişdir. Müsabiqənin qalibi Türkiyənin vergi sistemi üçün analoji işləri yerinə yetirmiş “CYBERSSOFT” şirkəti olmuşdur. Bu layihə çərçivəsində informasiya təhlükəsizliyi tam təmin olunub, AVİS daxilində elektron şəbəkə sistemi qurulmuş, bütün vergi əməkdaşları üçün elektron şəbəkə imkanları təşkil edilmişdir. AVİS vahid informasiya məkanında məlumatların real vaxt rejimində mərkəzləşdirilmiş qaydada yığılması, saxlanılması və emalına imkan verir. AVİS-in tətbiqi nəticəsində vergi orqanlarında sənəd dövriyyəsi tamamilə elektron formada aparılır. Bu isə nazirliyə ildə kağıza sərf olunan 300 min dollar vəsaitə qənaət etmək imkanı verəcəkdir.
Yeni binada beynəlxalq seminarların və veb-konfransların təşkili üçün də lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev şəbəkəyə qoşulan yeni sistemlə, internet saytı ilə tanış oldu. Bəyannamələrin tətbiqi ilə bağlı internet vasitəsilə aparılan əməliyyatı izlədi, yeni proqramların icrası vəziyyəti ilə maraqlandı. Dövlətimizin başçısı kompüter vasitəsilə məktubların, arayışların doldurulması və göndərilməsi prosesini həyata keçirdi.
Sonra Azərbaycan Prezidenti idman salonuna gələrək, Qubada təsnifat turnirində iştirak edəcək Niderlandın voleybolçularının məşqinə baxdı. Komandanın kapitanı dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi ki, Azərbaycan Prezidentinin onları yad etməsi voleybolçularımızda böyük ruh yüksəkliyi yaradacaqdır.
Daha sonra Prezident İLHAM ƏLİYEV vergilər idarəsinin əməkdaşları ilə görüşüb, binanın açılışı münasibətilə onları bir daha təbrik etdi. Dövlətimizin başçısı dedi ki, bu bina gözəl memarlıq kompleksidir, yaxşı işləmək üçün hər cür şərait var. Vergilər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Gələn il büdcəmiz artmalıdır. Yəqin ki, mənin tapşırığımı eşitmisiniz. Əminəm ki, bunu gələn il yerinə yetirəcəksiniz. Ölkəmiz inkişaf edir, iqtisadi potensial möhkəmlənir. Gərək çoxlu işlər görək, çoxlu investisiya layihələri həyata keçirək. Bunların hamısını büdcə hesabına etməliyik. Bizim büdcəmiz sürətlə artır. Keçən ilə nisbətən bu il 40 faiz artıbdır. Gələn il də minimum bu səviyyədə artmalıdır. Bu da son hədd deyildir. Ölkədə inkişaf sürətlə getdikcə imkanlar daha da artacaqdır. Sizə uğurlar arzulayıram, işinizdən də razıyam. Ümumiyyətlə, Vergilər Nazirliyi çox yaxşı işləyir, işlərini çox yaxşı qurubdur. Keçmişdə olan mənfi halların aradan qaldırılması istiqamətində böyük işlər görülübdür. Həm vətəndaşlar, həm də sahibkarlar tərəfindən əvvəlki iradlar daha eşidilmir. Bu da onu göstərir ki, təmizləmə işləri aparılıb, yeni yanaşmalar mövcuddur. Biz gərək Azərbaycanın hər bir sahəsində bunu davam etdirək.
Sizə uğurlar arzulayıram. Bir daha demək istəyirəm ki, Azərbaycanın hərtərəfli inkişafında vergilər orqanlarının çox mühüm rolu var. Siz bu vəzifəni icra edirsiniz. Mən işinizdən razıyam, ancaq gərək daha da yaxşı işləyəsiniz. Sağ olun.
Vergi əməkdaşları Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarının icrası üçün səylə işləyəcəklərini və verilən vədlərin yerinə yetiriləcəyini vurğuladılar.