SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Yunanıstanda da qeyd olunub
Afina, 10 may, AZƏRTAC
Afinada fəaliyyət göstərən “Nyu York Kollec”də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, kollecin tələbə və müəllim heyətinin iştirak etdiyi “Azərbaycanın müasir dövlətçiliyinin 100 illik tarixi” mövzusunda açıq dərsdə ölkəmizin Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev çıxış edib.
E.Əliyev XX əsrin əvvəllərində Azərbaycan xalqının müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini yaratması, dövrün ən müasir ideyalarına və bəşəri dəyərlərə əsaslanan bu dövlətin bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğraması, bununla belə Azərbaycan xalqının istiqlal arzusunun 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə nəticələnməsi haqqında məlumat verib.
Açıq dərsdə, həmçinin Sovet hakimiyyəti illərində Azərbaycanın tarixi, müstəqilliyin bərpasından sonra ölkəmizin xarici siyasəti barədə iştirakçılara məlumat verilib, suallar cavablandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina