RƏSMİ XRONİKA
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ ÜZVLƏRİNİN YARADICILIQ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi binanın (Xaqani küçəsi, 25) əsaslı təmiri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Abşeron yarımadasında Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla yaşlı və gənc nəsil yazıçıların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması və həmin fonddan istifadə qaydaları ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.