AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİN YENİ NƏŞRİ-“TÜRK ƏSRİNİN TÜRKÜLƏRİ”
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzi tanınmış şair Elxan Zal Qaraxanlının “Türk əsrinin türküləri” adlı yeni şeirlər kitabını nəşr etdirmişdir.
Kitabda müəllifin, əsasən, milli köklərdən qaynaqlanan və modern üslubda yazılmış şeirləri və poemaları toplanmışdır. Şairin ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış “Savaş əyələri” kitabındakı mövzular yeni nəşrdə daha da inkişaf etdirilmişdir.
Müəllifin ədəbiyyatımızda özünəməxsus yeri olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov kitaba ön sözündə yazır: “Elxan Zal Qaraxanlı bizim poeziyamıza saf, təmiz türkçülük mühitindən gəldi. Onun ən üstün cəhəti də o oldu ki, türklərin tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bilib. O, qədim bir mədəniyyəti, onun söz xəzinəsini, çağdaş zamanın baxışlarıyla təzahür etdirib bugünkü oxucunun istifadəsinə verir. Elxan poeziyaya təxminən Oljas Suleymenovun üslubu ilə gəldi. Yəni, mənsub olduğu ədəbi düşüncənin, təfəkkürün tarixi qədimliyinə enə bilir, uzun illər ədəbiyyatımızda unudulmuş qədim türk xəzinəsinə yol tapır, onu bu günə gətirir. Onun intonasiyasında, dilində, ifadə-üslub texnologiyalarında çox-çox qədimlərdən gələn bir əhval-ruhiyyə ifadə olunur”.
“Türk əsrinin türküləri” müəllifin türkün cəng ruhunu vəsf edən üçüncü kitabıdır.