AZƏRBAYCANDA EKOLOJİ TARAZLIĞI QORUMAQ ÜÇÜN BÜTÜN İMKANLARDAN İSTİFADƏ OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nazir təbiətin mühafizə olunması üçün dövlətin həyata keçirdiyi zəruri tədbirlərdən, bu sahədə gerçəkləşdirilən layihələrin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, Azərbaycanda erroziyaya uğrayan torpaqların bərpası, çay və göl sularında çirklənmənin qarşısını almaq, yeni meşə zolaqlarının salınması üçün milli proqramlar hazırlanmışdır.
Ölkəmizdə ekoloji sabitliyi qorumaq üçün umummilli liderimiz Heydər Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların icrasının uğurla davam etdirildiyini xüsusi vurğulayan nazir demişdir ki, bu işdə ictimaiyyət də fəallıq göstərməlidir.
Çaylar vasitəsilə qonşu ölkələrdən, əsasən, Ermənistan ərazisindən təkcə tullantılar yox, həm də kimyəvi tərkibli maddələrin ölkəmizin su hövzələrinə daxil olduğunu deyən H.Bağırov bildirmişdir ki, aparılan müşahidələr nəticəsində həmin çirkabın həcmi və tərkibi müəyyənləşdirilmişdir və bu barədə vaxtaşırı olaraq beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə və mütəxəssislərə məlumat verilir.
Ətraf mühitin və təbii ehtiyatların monitorinqinin aparılmasının əhəmiyyətindən danışan nazir demişdir ki, bölgələrdə kəndlərin müvafiq stadartlara uyğun içməli su ilə təmin olunması, Prezident İlham Əliyevin tapşırığı ilə Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinin öyrənilməsi, gölməçələrin və başqa süni su səthlərinin mənfi ekoloji təsirlərinin aradan qaldırılması üzrə işlərin iqtisadi-texniki əsaslandırılması üçün milli proqramlar hazırlanmışdır. Sumqayıt-Hövsan arasındakı kiçik gölməçələrin qurudulması ilə əlaqədar rekultivasiya aparılması üçün görüləcək layihə-tədqiqat işlərinin smetası tutulmuşdur.
Nazir daha sonra mətbuat nümayəndələrinin suallarına cavab vermişdir.