AZƏRBAYCANDA HƏBSXANA İSLAHATINA DƏSTƏK LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Bakıda Avropa Şurası (AŞ) və respublika Ədliyyə Nazirliyinin “Azərbaycanda həbsxana islahatına dəstək 2008-2009” layihəsi üzrə ilk iclas keçirilmişdir. AŞ baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek demişdir ki, layihənin məqsədi Azərbaycanın penitensiar xidməti tərəfindən həbsxana sistemində Avropa standartlarına uyğun islahatlar həyata keçirilməsi üçün ehtiyacları müəyyənləşdirməkdir. Müxtəlif ölkələrdə yüzlərlə insan həbsdən azad olunur, amma heç də onların hamısı cəmiyyətə inteqrasiya edə bilmir və yenidən həbsxanalara qayıdırlar. Bu, onların heç də cəmiyyət üçün yararsız insan olmaları kimi qəbul edilməməlidir. Bununla əlaqədar Avropa Şurası tərəfindən yeni sistem hazırlanmışdır və təşkilatın 47 üzvü onu qəbul etmişdir. Azərbaycanda həyata keçirilən layihə də həmin proqramın tərkib hissəsidir və iki il müddətində davam edəcəkdir. Bu layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilir. Norveç hökuməti də həmin sistemə uyğun olaraq, məhbusların reabilitasiyası ilə bağlı proqram hazırlayaraq həyata keçirmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidov çıxışında demişdir ki, həbsxanalardakı məhbusların hüquqlarının qorunması, eləcə də həbsdən azad olunmuş şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədi ilə Azərbaycanda xüsusi proqram həyata keçirilir. Avropa Şurasının dəstəyi ilə belə bir layihənin reallaşdırılmasını da həmin proqramın tərkib hissəsi kimi yüksək qiymətləndiririk. A.Seyidov onu da bildirmişdir ki, Penitensiar Xidmətdə məhbuslarla tərbiyəvi iş üzrə xüsusi mərkəz yaradılmışdır. İndi bəzi həbsxanalarda məhbusların xarici dil öyrənmələri, kitab oxumaları, televiziya verilişlərini izləmələri üçün şərait yaradılmışdır və bu istiqamətdə işlər davam etdirilir.
Norveçin ölkəmizdəki səfiri Yon Ramberq, AŞ-nin təmsilçisi Tanya Rakusiç-Hadziç və başqaları layihənin reallaşdırılması mexanizmlərindən danışmışlar. Bildirilmişdir ki, layihə əsasən üç istiqamətdə həyata keçiriləcəkdir. Birincisi, həbsxana təlim mərkəzinin öz işinin və həbsxana işçilərinin professional bacarıqlarının səviyyəsini yüksəltməkdir. İkinci istiqamətdə həbsxanalarda xəstəliklərin qarşısını almaq və sağlamlığın təşviqi vasitəsilə tibbi xidmətin təminatının inkişafı nəzərdə tutulmuşdur. Üçüncüsü isə, alternativ cəzaların və ölçülərin istifadə olunmasını tətbiq etməklə, Azərbaycanda Sınaq Xidmətinin yaradılmasını dəstəkləməkdir.
######
