Azərbaycanda ilk dəfə Dəyər günləri təşkil edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə “Education HUB” tərəfindən oktyabrın 10-dan 13-dək “Azərbaycan Dəyər günləri” silsilə tədbirləri baş tutub.
AZƏRTAC xəbər verir ki, Dəyər günləri çərçivəsində “Sosial sahibkarların korporativ satınalmalar sərgisi”, “Dəyər üçün Səhər yeməyi” konsepti, İnklüziv rəqs performansı təşkil edilib. Dəyər günləri Sosial Sahibkarlıq Forumu ilə yekunlaşıb.
İnklüziv rəqs nümayişi YARAT Müasir İncəsənət Mərkəzində başlayıb. “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə əməkdaşlıqda əlilliyi olan insanlarla birlikdə hazırlanan performans tamaşaçılar arasında böyük maraq yaradıb. İzləyicilərin diqqətinə çatdırılıb ki, inklüzivlik bütün fərdlərin inkişaf edə biləcəyi bərabər və ədalətli cəmiyyət yaratmaq üçün çox vacibdir. Bu yanaşma hər kəsin resurslara, məşğulluğa və digər sahələrə çıxışı üçün bərabər imkanlara malik olmasını təmin edir. Müxtəlif perspektivlər və bacarıqlar daha çox yaradıcılığa və problemlərin həllinə kömək edir ki, bu da öz növbəsində iqtisadi məhsuldarlığa və artıma gətirib çıxarır.
KOBİA-nın dövlət tərəfdaşlığı və PAŞA Bankın dəstəyi ilə Bakı KOB evində Sosial sahibkarların Korporativ Satınalmalar Sərgisi keçirilib. Qırxa yaxın sosial sahibkarlıq və eko, orqanik məhsul istehsalçıları bir araya gəlib. 500-ə yaxın ziyarətçinin izlədiyi sərgidə sosial sahibkarlar və şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Sərgi zamanı vurğulanıb ki, sosial satınalmalar iqtisadi inklüzivliyi təşviq etmək və bərabərsizlikləri azaltmaq üçün güclü vasitədir. Bu proses həssas qruplar (qadınlar, əlil sahibkarlar, sosial müəssisələr və s.) kimi az təmsil olunan bizneslərə imkanlar yaratmağa kömək edir. Bu da öz növbəsində onlara dövlət müqavilələrinə və biznes imkanlarına çıxış təmin etməklə, bu, iqtisadi səlahiyyətlərin artırılmasına töhfə verə biləcək.
Sayca dördüncü dəfə reallaşan “Dəyər üçün səhər yeməyi” konsepti Azərbaycanda fəaliyyət göstərən 60-dan çox orta və iri şirkətləri bir araya gətirib. Bu konsept ilk dəfə 2008-ci ildə Londonda toplaşıb və getdikcə digər Avropa ölkələrinə də yayılıb. Məqsəd sosial təsir fondları, vençur xeyriyyəçilik və sosial müəssisələr vasitəsilə cəmiyyətə faydalı olan sərmayələrə xüsusi diqqətin ayrılmasıdır. Görüş zamanı Avropa Vençur Filantropik Assosiasiyasının əməkdaşları Andreya Rosandiç və Nikolas Malmendyer korporativ sosial investorlar və onların fəaliyyətləri barədə ətraflı məlumat verib. Spikerlər vurğulayıb ki, cəmiyyətdə olan sosial problemləri həll etmək üçün resursları mobilizasiya etmək lazımdır və Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu prosesdə fəal iştirak etməlidir.
Dəyər günləri çərçivəsində Bakı Biznes Mərkəzində Sosial Sahibkarlıq Forumu keçirilib. Forumda dövlət, özəl, bank, beynəlxalq və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları - Sosial sahibkarlığın Azərbaycan iqtisadiyyatında rolu, qanunvericilik bazasının hazırlanması, maliyyəyə çıxış, beynəlxalq təcrübə və s. olub. Forum zamanı Belçika, Almaniya, Moldova, Türkiyə, Xorvatiyadan olan spikerlər öz ölkələrinin təcrübələrini paylaşıblar. Tədbir zamanı panel müzakirələr, sual-cavab sessiyaları həyata keçirilib və 100-ə yaxın ekosistem oyunçusunu bir araya toplayıb.
Xatırladaq ki, “Azərbaycan Dəyər günləri” tədbirlər silsiləsi olub, Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı “Education HUB”dır.