AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ QORUNMASI HÜQUQ MÜHAFİZƏ ORQANLARININ FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTİDİR
Qonaqları salamlayan Ramil Usubov müstəqilliyimizin ötən dövrü ərzində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də hüquq mühafizə orqanlarında çox böyük işlər görüldüyünü, əsaslı demokratik hüquqi islahatlar aparıldığını və bu işin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çarpdırmışdır.
Nazir qeyd etmişdir ki, demokratiya yolu ilə inamla irəliləyən respublikamızda ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının qorunması əsas meyar kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə qanunun aliliyi prinsipləri həyata keçirilir, vətəndaşların hüquq, mədəniyyət və sosial fəallığı artır, ictimai münasibətlərin tənzimlənməsinin hüquqi mexanizmləri təkmilləşdirilir, eyni zamanda, cinayət qanunvericiliyi humanistləşdirilir, insan hüquq və azadlıqlarının qorunması prosesi ümumbəşəri dəyərlərə əsaslanır. Bildirilmişdir ki, Daxili İşlər Nazirliyi insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, baş verən sosial dəyişikliklər şəraitində polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsinə böyük diqqət yetirir.
Peşə hazırlığı proqramına xüsusi silsilə mövzuların daxil edildiyi Polis Akademiyasında və digər tədris müəssisələrində polisin gündəlik fəaliyyətində demokratik meyllərin gücləndirilməsi yollarının axtarılması problemlərinə həsr olunan seminarların, elmi-praktik konfransların keçirildiyi diqqətə çatdırılmışdır. Diqqətə çatdırılmışdır ki, daxili işlər orqanlarının fəaliyyətinin demokratik prinsiplərə və beynəlxalq normalara uyğun qurulması üçün son illər bir sıra struktur dəyişikliklər aparılmış, yeni xidmət sahələri yaradılmışdır.
Nazir Ramil Usubov qeyd etmişdir ki, bütün bunlar bir daha əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratikləşdirmə siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini təsdiqləyir.
Nazir eyni zamanda, onu da etiraf etmişdir ki, daxili işlər orqanlarının fəaliyyətində az da olsa, vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına da yol verilir. Belə faktlar aşkar edildikdə ciddi tədbirlər görülür. Məsələn, təkcə 2002-ci və 2003-cü illərdə müxtəlif hüquqpozmalara görə 280 nəfər əməkdaş cəzalandırılmışdır.
Səmimilik şəraitində keçən görüşdə daxili işlər naziri AŞPA-nın həmməruzəçilərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirmiş, onları maraqlandıran suallara ətraflı cavab vermişdir.