Azərbaycanda ipoteka müqavilələrinin sayı 46,9 faiz artıb
Bakı, 14 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha da artmasına imkan yaradır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan torpaq sahələrinin ilkin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində 3,1 dəfə artaraq 24 min 46 olub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, qeyd edilən dövr ərzində 131 min 152 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artım deməkdir.
Bu ilin yanvar-iyun ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz artaraq 34 min 126 olub.
Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklər davam etdirilir. Yeniliklərdən biri İpoteka Kağızının Elektron Sisteminin tətbiqidir. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi, həmin sənədin qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.