AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN GEDİŞİNİ YAPONİYADA DİQQƏTLƏ İZLƏYİRLƏR NAZİRLƏR KABİNETİNDƏ
Abid Şərifov qonaqları salamlayaraq dedi ki, Azərbaycanda siyasi sabitliyin bərqərar olması sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir, sərmayə qoyuluşu üçün əlverişli şərait yardılmışdır və onun həcmi ildən-ilə artır.
Hazırda Yaponiya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində fəal iştirak edirlər. Baş nazirin müavini vurğuladı ki, dünyada mövcud olan müəyyən qaydalara görə, energetika sahəsinə güzəştli kreditlər verilmir. Lakin Yaponiya “Şimal” DRES-də 400 meqavat gücündə qaz-turbin stansiyasının tikintisi, bir sıra digər layihələr üçün Azərbaycana güzəştli kreditlər ayırmışdır.
Abid Şərifov ölkəmizdə neft maşınqayırması sahəsinin inkişafına texniki kömək göstərilməsi ilə bağlı qarşılıqlı yardım haqqında Azərbaycan Respublikası ilə Yaponiyanın Xarici Ticarətin İnkişafı Təşkilatı arasında sentyabrın 26-da imzalanmış memorandumun əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu razılaşmanın həyata keçirilməsi Azərbaycanın maşınqayırma sənayesinin məhsulları üçün dünya bazarına yol açır.
Yaponiya nümayəndə heyətinin başçısı Hirosi Sukamoto ölkəsinin ünvanına səslənən səmimi sözlərə görə təşəkkürünü bildirərək dedi ki, Azərbaycanda aparılan iqtisadi islahatların gedişini Yaponiyada diqqətlə izləyirlər. Biz əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.
Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara iştirak edirdi.