Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır
Bakı, 26 may, AZƏRTAC
Müasir dövrdə şəhərsalma yalnız yaşayış məkanlarının planlaşdırılması ilə məhdudlaşmır; o, dövlətin iqtisadi inkişafını, sosial rifahını, ekoloji təhlükəsizliyini və geosiyasi mövqeyini müəyyən edən strateji sahələrdən birinə çevrilib. Dünyada urbanizasiya proseslərinin sürətlənməsi nəticəsində “ağıllı şəhər”, yaşıl şəhər, davamlı urbanizasiya və rəqəmsal şəhər idarəetməsi kimi yeni şəhərsalma modelləri formalaşıb. Azərbaycanın bu qlobal şəhərsalma modellərini tətbiq etməsi və beynəlxalq urbanizasiya proseslərinə inteqrasiya olunması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri hesab olunur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsinin əhəmiyyəti, ilk növbədə, ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Müasir şəhərsalma iqtisadi fəaliyyətin səmərəli təşkilinə, investisiya mühitinin yaxşılaşdırılmasına və infrastrukturun inkişafına şərait yaradır. Planlı urbanizasiya nəqliyyat sistemlərinin, sənaye zonalarının, logistika mərkəzlərinin və xidmət sektorunun daha effektiv fəaliyyətini təmin edir. Bu, xüsusilə Azərbaycanın tranzit ölkə kimi mövqeyi baxımından böyük əhəmiyyət daşıyır. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan üçün müasir şəhərsalma modeli regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rol oynayır.
Qeyd olunub ki, Azərbaycanın şəhərsalma siyasətində son illərdə həyata keçirilən layihələr ölkənin ənənəvi urbanizasiya modelindən innovativ və rəqəmsal şəhərsalma mərhələsinə keçid etdiyini göstərir. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi müasir dünya urbanizasiya tendensiyalarına uyğun inkişaf nümunəsi hesab olunur. Azərbaycanda bu konsepsiyaların tətbiqinin əsas məqsədi resurslardan səmərəli istifadə, enerji qənaəti, ekoloji təhlükəsizlik və rəqəmsal idarəetmənin təmin edilməsidir.