AZƏRBAYCANDA RUSİYA İLİ
BAKIDA İKİNCİ AZƏRBAYCAN-RUSİYA İQTİSADİFORUMU KEÇİRİLƏCƏKDİR
Təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, forumdan əsas məqsəd Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gələcək inkişafını, habelə işgüzar dairələr arasında əlaqələrin möhkəmlənməsini müzakirə etmək, iqtisadi, sosial, humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarını öyrənməkdir.
Hər iki ölkənin dövlət təşkilatları, özəl bölmələri, həmçinin elmi və ictimai qurumları nümayəndələrinin iştirak edəcəyi forumun təşkilatçıları Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası, Rusiya Azərbaycanlıları Koqresinin İqtisadi İnkişaf Fondu, Azərbaycanın Rusiyadakı və Rusiyanın Azərbaycandakı səfirlikləridir.
Forum çərçivəsində Rusiyanın aparıcı müəssisələrinin istehsalı olan malların sərgisi təşkil ediləcək, regional iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunacaq, ölkələrimizin nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları və enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə dair dəyirmi masalar, seminarlar keçiriləcəkdir.
Forumun açılışı “Gülüstan” sarayında, seminar, sərgi və dəyirmi masalar isə Heydər Əliyev adına İdman-Sərgi Kompleksində və Bakı Əyləncə Mərkəzində olacaqdır.