AZƏRBAYCANDA TAXIL QITLIĞI İLƏ BAĞLI YAYILMIŞ ŞAYİƏLƏRİN ƏSASI YOXDUR
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İsmət Abasov iyulun 28-də “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şəhər sakinləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında bəyan etmişdir.
İsmət Abasov məlumat vermişdir ki, altı ayda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artmışdır. İxrac olunmuş kənd təsərrüfatı məhsullarının həcmi də ötən ilin müvafiq dövründəkindən çoxdur. Bunlar aqrar sahənin dinamik inkişafına sübutdur.
Nazir bildirmişdir ki, iyul ayının əvvəllərindən ölkədə taxıl qıtlığı barədə müxtəlif şayiələr yayılır. Mən dəfələrlə ictimaiyyət qarşısında demişəm, indi də təkrar edirəm: bu söz-söhbətin əsası yoxdur. Bu il yanvarın 1-nə ötən ildən 656 min ton taxıl qalmış, yarım ildə isə 591 min ton taxıl idxal edilmişdir. Azərbaycanda adambaşına il ərzində 180 kiloqram taxıl düşür. Bu hesabla bütün əhalinin tələbatını ödəmək üçün 1 milyon 530 min ton taxıl lazımdır. Beləliklə yarım ilə 765 min ton taxıl düşür. Qalıq taxılın üzərinə idxal olunanı da gəlib altı ayda istehlak olunmuş 765 min tonu çıxanda iyul ayının 1-nə 482 min ton ehtiyat qalır. Taxıl biçini hələ davam edir və proqnozlara görə, azı 1 milyon 300 min ton ərzaq buğdası istehsal ediləcəyi gözlənilir. Doğrudur, bunun bir hissəsi toxum fonduna, bir hissəsi isə sığorta fonduna keçiriləcəkdir. Bununla bərabər, minimum 1 milyon ton ərzaq buğdası qalır. Yuxarıda qeyd etdiyim 482 min tonu da bunun üzərinə gəldikdə 1 milyon 482 min ton ehtiyat alınır. Növbəti altı aya isə əhalinin ehtiyacı (adambaşına 180 kiloqram hesabı ilə) 765 min tondur. Beləliklə, növbəti ilə 600 min tondan yuxarı qalıq qalır. Bu hesablamalar göstərir ki, şayiələrin əsası yoxdur.