CƏMİYYƏT
Azərbaycanda “Xəzər günü” qeyd olunacaqdır
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 12-si Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu əlamətdar günü qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə Xıllı Nərə Balıqartırma Zavodunda qeyd edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam etmiş və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanmışdır. İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi də tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır.
“Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minmiş və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.