AZƏRBAYCANDA YÜZ FAİZ TÜRK SƏRMAYƏLİ ŞİRKƏT FƏALİYYƏTƏ BAŞLAYIB
Uzun müddət “Azərsunholdinq” şirkətinin icraçı direktoru vəzifəsində çalışan türk iş adamı Yunus Arifoğlu Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçın TUSİAB üzvləri ilə görüşündə bu ilin yanvarında Azərbaycanda yeni şirkət yaratdığını bəyan etmişdir. Şirkətin fəaliyyəti haqqında AZƏRTAC-ın müxbirinə məlumat verən Yunus Arifoğlu demişdir:
- Məni yüz faizli türk sərmayəsi ilə fəaliyyət göstərən yeni şirkəti yaratmağa Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin payızında Azərbaycana gəlmiş iş adamları ilə görüşündə dediyi “Bizdə sərmayə yatırılmalı sahələr kifayət qədərdir, potensial imkanlarımız çoxdur, türk iş adamlarına qapımız hər zaman açıqdır” sözləri ruhlandırmışdır. “Yunus Arifoğlu” şirkətlər qrupu özündə “Yanur”, “Öz Gür-Ok Dış Tic.”, “Anonim” şirkətlərini, “İNTERENERJİ” kompaniyasını birləşdirir. Mən “Azərsunholdinq”də icraçı direktor idim. İndi isə özüm Azərbaycanda müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğulam. Türkiyədəki şirkətlərim istehsal, ticarət, turizm, toxuculuq, inşaat işləri, idxal və ixrac əməliyyatları ilə məşğuldur. Biz Türkiyədə qazandığımız vəsaiti qardaş Azərbaycanda yatıracağıq. Perspektiv layihələrimizdə Azərbaycanda fəaliyyətini dayandırmış iki zavodu özəlləşdirərək yeni texnologiyalarla təchiz edib işə salmağı nəzərdə tutmuşuq. Mingəçevirdə tezliklə fəaliyyətə başlayacaq “İNTERENERJİ” şirkətində metal elektrik dirəkləri, su və qaz sayğacları istehsal olunacaqdır. Məhsullarımızı təkcə daxili bazara deyil, dünya bazarına da çıxaracağıq. Şirkətimiz “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yeni iş yerlərinin açılması ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yeni töhfələr verəcəkdir.