AZƏRBAYCANIN ALİ TƏHSİL SİSTEMİNDƏ İSLAHATLARLA BAĞLI BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Azərbaycan Dillər Universitetində “Beynəlxalq inteqrasiya: Azərbaycanın ali təhsil sistemində islahatlar” mövzusunda konfrans öz işinə başlamışdır. Tədbir Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin maliyyə dəstəyi ilə təşkil olunmuşdur.
ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələrdən olan tanınmış mütəxəssislərin, Azərbaycanın ali təhsil müəssisələri rəhbərlərinin, təhsil işçilərinin və xarici dövlətlərin respublikamızdakı diplomatik korpusu nümayəndələrinin iştirak etdikləri konfransda universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək, rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında məlumat vermiş, konfransın əhəmiyyətini nəzərə çarpdırmışdır.
Təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafında və onun dünya təhsil sisteminə inteqrasiya olunmasında əvəzsiz xidmətlərindən danışmış, ulu öndərimizin siyasi xəttinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Respublikamızda həyata keçirilən təhsil islahatlarından bəhs edən nazir bildirmişdir ki, təhsilimizin dünya təhsil sisteminə daha yaxından inteqrasiya olunması üçün hələ çox işlər görülməlidir. İlk növbədə ali məktəblərimizin akkreditasiyası həyata keçirilməli və onlar Baloniya prosesinə qəbul olunmalıdır.
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Rino Harniş ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin, o cümlədən təhsil əlaqələrinin əhəmiyyətindən danışmışdır.
Cəmiyyətin inkişafında təhsilin, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında ali məktəblərin müstəsna rolu olduğunu vurğulayan səfir, təhsil sistemimizin inkişafı üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini də nəzərə çarpdırmışdır.
Sonra professor Riçard Kortum (ABŞ) və başqalarının məruzələri dinlənilmişdir.
Tədbirdə, həmçinin “Ali məktəbin inkişafı və akkreditasiya”, “Kurrikulum və tədrisdə islahatlar”, “Universitetə qəbul, qəbul imtahanları və meyarlar” və s. mövzularda geniş müzakirələr aparılmışdır.
Konfrans fevralın 4-də başa çatacaqdır.