SİYASƏT
Azərbaycanın Batumidəki baş konsulluğunda yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır

Tbilisi, 9 yanvar, AZƏRTAC
Fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Batumidəki baş konsulluğunda yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Batumidəki baş konsulluğundan məlumat verilib.
Bildirilib ki, Batumidə təhsil alan, eləcə də bu şəhərdə, Poti və Kulevi terminallarında çalışan Azərbaycan Respublikası vətəndaşları seçkilər barədə məlumatlandırılıb. Eyni zamanda, seçici siyahıları dəqiqləşdirilib.
Adları seçici siyahılarında yer alan, eləcə də səsvermə günü Batumidə ezamiyyətdə olan vətəndaşlarımız sərbəst, azad, şəffaf və demokratik şəkildə öz seçimlərini edəcəklər. Bunun üçün məntəqədə hər cür şərait yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi