AZƏRBAYCANIN BƏHREYNDƏ AKKREDİTƏ OLUNMUŞ SƏFİRİ ÖLKƏNİN RƏSMİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir E.Araslı Bəhreyn parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani, Məşvərət Şurasının sədri Feysəl Radi Musəvi, sənaye və ticarət naziri Həsən bin Abdulla əl-Faxru, informasiya naziri Məhəmməd Əbdülğəffar, xarici işlər üzrə dövlət naziri və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşmüşdür.
Səmimi dostluq və mehribanlıq şəraitində keçən görüşlərdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq imkanları, parlamentlərarası əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə respublikamızın incəsənət ustalarının Bəhreyndə keçirilən mədəniyyət festivallarında iştirakı, bu ölkədə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə razılaşma əldə olunmuşdur.
Bəhreyn parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana səfər barədə dəvətini qəbul etdiyini və yay aylarında ölkəmizə gələcəyini söyləmişdir.
Bəhreyn rəsmiləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını bildirmişlər.