AZƏRBAYCANIN BİRİNCİ XANIMI YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ TƏYİN OLUNACAQ
Mətbuat xidmətinin məlumatında daha sonra deyilir:
“Bu fəxri ad Mehriban Əliyevanın ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın təbliğinə, habelə musiqi təhsilinin və beynəlxalq mədəni mübadilələrin gücləndirilməsinə və gənclərin dəstəklənməsinə yönəlmiş fəaliyyətini dəyərləndirməyə görə verilir.
Təhsilcə həkim, YUNESKO-nun ideallarına bağlı olan Mehriban Əliyeva ölkəsində mədəniyyət, təhsil və idman sahələrində şəxsən fəallıq göstərir. O, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə festivallar, sərgilər, konsertlər və digər mədəni tədbirlər təşkil etməklə ölkəsinin zəngin mədəniyyətinin, o cümlədən şifahi və qeyri-maddi irsinin beynəlxalq miqyasda tanınmasına, bunların milli və regional səviyyədə qorunmasına töhfəsini verir.
Üç övlad anası olan Mehriban Əliyeva uşaqların probleminə də xüsusi diqqət yetirir. Onun səyləri və xeyriyyəçilik fəaliyyəti sayəsində Bakının rayonlarından birində kimsəsiz uşaqlar üçün ev təmir edilib müasirləşdirilmiş, qaçqınlar düşərgəsində musiqi məktəbi açılmış, diabet xəstəliyi olan uşaqlar müalicə edilmişdir. Nəhayət, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi o, ölkəsində idmanın inkişafına öz töhfəsini verir.
Xoşməramlı səfirlər öz nüfuz və xarizmaları sayəsində YUNESKO-nun ideallarının həyata keçirilməsinə töhfə verən şəxsiyyətlərdir. Fransız kosmonavtı Patrik Bodri, Mali alimi şeyx Modibo Diarra, İslandiyanın keçmiş prezidenti Viqdis Finnboqadottir, İordaniya şahzadəsi Firial, İspaniya dənizçisi Kitin Munyoz və italyan aktrisası Klaudia Kardinale onların sırasındadır”.