CƏMİYYƏT
Azərbaycanın DOST modeli Rumıniyada tətbiq oluna bilər
Bakı, 28 aprel, AZƏRTAC
Rumıniyada DOST konsepsiyasının tətbiq olunması məsələsi nəzərdən keçirilir. Bu barədə DOST Agentliyinin fəaliyyəti ilə tanış olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-İrinel Cotoşman deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. O, DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığını vurğulayıb. Qeyd olunub ki, indiyədək 1 milyon 500 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən yüksəkdir. Agentliyin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu diqqətə çatdırılıb.
Rumıniyadan olan nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.
Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. F.İ.Cotoşman DOST konsepsiyasının onlarda böyük marağa səbəb olduğunu və bu təcrübənin Rumıniyada da tətbiqi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.