AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət sərhədinin mühafizəsi yüksək səviyyədədir və ötən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərən 26 nəfər sərhəd pozucusu saxlanılmışdır. Onların 11-i Azərbaycan, 6-sı İran, 6-sı Pakistan, 2-si Gürcüstan, 1-i Koreya Respublikasının vətəndaşlarıdır.
Vizası olmadığı üçün 190 nəfər (62-si İran, 47-si Türkiyə, 11-i Filippin, 8-i Azərbaycan, 6-sı Fransa, 6-sı Hindistan, 5-i ABŞ, hər ölkədən 4 nəfər olmaqla Tacikistan və Birləşmiş Ərəb Əmirlikləri, hər ölkədən 3 nəfər olmaqla Çin, Ekvador, İsrail, Kamerun, Malayziya, hər ölkədən 2 nəfər olmaqla Şimali Kipr, Nigeriya, Sudan, Tailand, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Livan, Madaqaskar, Rusiya, Suriya, Səudiyyə Ərəbistanı, Uqanda, Ukrayna, Serbiya, Almaniya, Böyük Britaniya, İordaniya vətəndaşları və 2 nəfər vətəndaşlığı olmayan şəxs), vizalarının müddəti qurtardığı üçün 68 nəfər (23-ü İran, 9-u Türkiyə, 5-i İsrail, 4-ü Böyük Britaniya, hər ölkədən iki nəfər olmaqla Almaniya, İrlandiya, İsveç, Livan, Türkmənistan, hər ölkədən bir nəfər olmaqla ABŞ, Azərbaycan, Fransa, Hindistan, Kanada, Koreya Respublikası, Misir, Monqolustan, Pakistan, Səudiyyə Ərəbistanı vətəndaşı və 7 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 37 nəfər (21-i Azərbaycan, 7-si İran, 4-ü Rusiya, hər ölkədən bir nəfər olmaqla Avstriya, Gürcüstan, Koreya Respublikası, Qırğızıstan və Türkiyə vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 75 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində 34 kiloqram 160 qram narkotik maddə aşkar edilərək götürülmüşdür. Bundan əlavə, 1 hektar sahədən ümumi çəkisi 2 ton 350 kiloqram olan yabanı halda bitmiş çətənə kolu yığılaraq məhv edilmişdir.
Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri təxminən 144 min manat olan qaçaqmal, o cümlədən 17 pnevmatik tapança, 200 patron, 13 ov tüfəngi, 2500 ədəd ov tüfənginin gilizi, 217 ədəd tüfəng patronu, bir durbin, 7200 qutu siqaret, xeyli miqdarda spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.