AZƏRBAYCANIN ƏN GÜCLÜ ŞAHMATÇILARI TEYMUR RƏCƏBOV VƏ ŞƏHRİYAR MƏMMƏDYAROV SEÇİLMİŞLƏR
Bu ilin çox uğurlu keçdiyini deyən federasiyanın prezidenti Aynur Sofiyeva bildirmişdir ki, Prezident İlham Əliyevin dekabrın 26-da bir qrup idmançı ilə görüşü dövlətimizin başçısının idmana diqqətinin bariz nümunəsidir.
A.Sofiyeva vurğulamışdır ki, şahmatçılarımız 2006-cı ildə dünya və Avropa çempionatlarında 9 medal - 1 qızıl, 4 gümüş və dörd bürünc medal qazanmışlar. Bu gənclər arasında qazanılmış uğurlardır. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun isə elit şahmatda böyük uğurları olmuşdur. Son nəticələrə görə, Şəhriyar Məmmədyarov dünyanın dördüncü və ya beşinci şahmatçısı olacaqdır. Teymur Rəcəbov isə dünyada ən güclü şahmatçıların onluğuna daxil olmuşdur.
Rauf Məmmədovun və İlahə Qədimovanın dünya çempionatına vəsiqə qazandığını deyən federasiya prezidenti bildirmişdir ki, Azərbaycanda 2006-cı ilin ən güclü şahmatçısı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov seçilmişlər.
Federasiyasının vitse-prezidenti Faiq Həsənov və başqaları qazanılmış uğurlardan, qarşıdakı yarışlardan danışmışlar.
Qeyd olunmuşdur ki, 2005-ci ildə Azərbaycanın gənclərdən ibarət komandası dünyada ümumi komanda hesabında 10-cu yerə çıxmışdırsa, bu il onlar dünyada 3-cü olmuşlar. Bu da onu deməyə əsas verir ki, Azərbaycan çempionatlarının səviyyəsi ilbəil yüksəlir, güclü gənc şahmatçılar yetişir.