AZƏRBAYCANIN KANADADAKI SƏFİRİ SENATDA VƏ NÜMAYƏNDƏLƏR PALATASINDA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Səfir F.Qurbanov Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra fəal xarici siyasət yürütdüyünü, beynəlxalq və regional təşkilatlarda iştirak etdiyini bildirmiş, ölkədə demokratik və hüquqi cəmiyyətin qurulmasından, bazar iqtisadiyyatının inkişafından söz açmışdır.
Ölkəmizdə həyata keçirilən islahatlar, xüsusən sərmayə mühitinin yaxşılaşdırılması üçün potensial imkanlardan, iqtisadi layihələrdən danışan səfir, qeyri-neft sektorunun inkişafı və bu sahəyə investisiya cəlb edilməsi üçün görülən tədbirləri diqqətə çatdırmışdır.
Görüşdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını əks etdirən xəritə üzərində Dağlıq Qarabağ münaqişəsinin tarixi, başvermə səbəbləri izah edilmiş, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, ağır həyat şəraitində yaşaması diqqətə çarpdırılmışdır.
Münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlara toxunan səfir, respublikamızın mövqeyini açıqlayaraq bildirmişdir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.