Azərbaycanın Kəlbəcər rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycanın Kəlbəcər rayonunun təbii sərvətləri 21 ildir ki, ermənilər tərəfindən talan edilir.
Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf və gil yataqları hazırda erməni təcavüzkarlarının nəzarətindədir. Kəlbəcərə dünya şöhrəti gətirmiş Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da işğal ərazisində yerləşir.
Tərtər çayı üzərində 1976-cı ildə inşa edilmiş Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər qəsdən qış aylarında suyu açıb buraxırlar. Lazım olan vaxtlarda isə suyun qarşısını kəsirlər. Bu da Azərbaycanda əkin sahələrinə xeyli ziyan vurur, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min azərbaycanlı isə daim təhlükə altındadır.
Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası var idi.
Rayonun meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı bunlardan biridir. Bu ağaclardan bəzilərinin hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.
Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir.