AZƏRBAYCANIN LOS-ANCELESDƏKİ KONSULU ETİMADNAMƏSİNİ TƏQDİM ETMİŞDİR
Baş konsulluğumuz yarandığı az müddət ərzində yerli Azərbaycan icması ilə əlaqələri möhkəmlətmişdir. Respublika günü münasibətilə diplomatik nümayəndəliyimiz ziyafət təşkil etmişdir. Los-Ancelesdə və ətraf şəhərlərdə yaşayan Azərbaycan icması üzvlərinin, türk diasporu təmsilçilərinin, Türkiyə Baş konsulluğu əməkdaşlarının iştirak etdikləri ziyafətə Montana Universitetinin professoru, “Azərbaycan Gündəliyi” kitabının müəllifi, bölgəmiz üzrə mütəxəssis Tomas Qolts da dəvət olunmuşdur. Cənab Qolts çıxışında müstəqil Azərbaycan dövlətinin 1990-cı illərin əvvəlindəki kəşməkəşli dövründən danışmış, bugünkü Azərbaycan Respublikasının bölgənin bütün ölkələrinə nümunə ola biləcəyini vurğulamışdır. İlk Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan terminalına çatması münasibətilə təbriklərini yetirən Tomas Qolts bu layihənin bölgə üçün böyük əhəmiyyətindən də söhbət açmışdır. Professor Qolts Montana Universitetindəki azərbaycanşünaslıq kafedrasının fəaliyyəti barədə də məlumat vermişdir.
Baş konsul Elin Süleymanov tədbir iştirakçılarını milli bayramımız münasibətilə təbrik edərək bildirmişdir ki, müstəqil Azərbaycan Respublikası bölgədə liderə çevrilərək, dünyada mövqeyini gücləndirməkdədir. Müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan icmasının üzvləri yeni təşkilat - Azərbaycan-Amerika Kaliforniya Cəmiyyətinin yaradılması barədə məlumat vermişlər. Daha sonra Los-Anceles dairəsinin başçısı Maykl Antonoviçin Respublika günü münasibətilə Azərbaycan xalqına təbrik məktubu oxunmuşdur.