RƏSMİ XRONİKA
AZƏRBAYCANIN NATO İLƏ ƏMƏKDAŞLIĞI KOMİSSİYASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞ
Həmin gün NATO-nun baş katibi lord Corc Robertson Azərbaycanın NATO ilə əməkdaşlığı komissiyasının üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov qonağı salamlayaraq dedi ki, NATO ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində öncül istiqamətdir. Ölkəmiz bununla əlaqədar qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirir, antiterror koalisiyasında, habelə beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak etmişdir. Yaqub Eyyubov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğuladı ki, Azərbaycan erməni terrorizminin bütün vəhşiliklərini öz üzərində hiss etmişdir.
Corc Robertson bildirdi ki, Azərbaycanın NATO strukturlarına inteqrasiyası vətəndaş cəmiyyəti quruculuğu proseslərinin gücləndirilməsi, iqtisadi və hüquqi sahədəki bir sıra məsələlərin həlli ilə müşayiət olunmalıdır.
Sonra komissiyanın üzvləri Azərbaycanın NATO ilə əməkdaşlığını genişləndirmək məsələlərinə dair öz təkliflərini söylədilər.
Şimali Atlantika İttifaqının başçısı qaldırılmış bütün məsələlər barəsində fikrini açıqladı.
Foto İlqar Cəfərovundur