İQTİSADİYYAT
Azərbaycanın nümayəndə heyəti Rusiyada keçirilən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin şura iclasında iştirak etmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Kalininqrad şəhərində keçirilən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) illik şura iclasında iştirak etmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, konfederasiyanın prezidenti M.Musayev şuranın iclasına sədrlik etmişdir.
İclas çərçivəsində SSBK-nın dörd sahə komitələrinin “dəyirmi masa”ları keçirilmişdir.
“Dəyirmi masa”larda beynəlxalq maliyyə böhranın aradan qaldırılmasında milli bank birləşmələrinin rolu, SSBK-nın qlobal əmək resursları, miqrasiya proseslərinin artım rolu, ötən dövrdə şuranın gördüyü işlər müzakirə olunmuşdur.
Tədbirlərdə quruma üzv ölkələrlə işgüzar əlaqələrin daha da genişləndirilməsi vacib hesab edilmiş, konkret proqramların hazırlanması, iqtisadi layihələrin tərtib olunması iştirakçılara tövsiyə edilmişdir.
Şura iclası çərçivəsində Kalininqrad şəhərində innovasiya sərgisi təşkil edilmişdir.
27 ölkəni təmsil edən sahibkarlar təşkilatları nümayəndələrinin iştirak etdiyi sərgidə Azərbaycan guşəsi iştirakçıların daha çox marağına səbəb olmuşdur.
Konfederasiya “SSBK - əməkdaşlıq” mövzusunda innovasiya sərgisinin və SSBK-nın diplomu ilə təltif olunmuşdur.
Azərbaycan tərəfinin fəal tərəfdaşlıq münasibətlərini nəzərə alan iştirakçılar bu il də M. Musayevi yenidən SSBK-nın şura sədrinin müavini seçmişlər.
Görülən tədbirlərdə fəallığına görə M. Musayev SSBK-nın 20 illik yubileyi - xatirə döş nişanı ilə təltif edilmişdir.