AZƏRBAYCANIN PAKİSTANDAKI SƏFİRLİYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyinə gəlmişdir. Burada dövlətimizin başçısını səfir Eynulla Mədətli, səfirliyin əməkdaşları, İslamabadda təhsil alan azərbaycanlı tələbələr hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev səfirliyin fəaliyyəti, iş şəraiti ilə yaxından tanış oldu, ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə İslamabada və Pakistan Prezidenti Pərviz Müşərrəfin 2004-cü ildə Bakıya rəsmi səfərlərini əks etdirən fotostendə baxdı.
Dövlətimizin başçısı səfirliyin binasında Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə görüşdü. Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin daha da genişləndirilməsi və möhkəmləndirilməsində cəmiyyətin rolundan danışıldı. Prezident İlham Əliyev cəmiyyətin üzvlərinə tövsiyələrini söylədi, gələcək fəaliyyətlərində uğurlar dilədi.
Sonra Azərbaycan Prezidenti səfirliyin əməkdaşları, cəmiyyətin üzvləri və tələbələrlə xatirə şəkli çəkdirdi. Cəmiyyətin adından Prezidentə xatirə hədiyyəsi təqdim olundu.