AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRİ BU ÖLKƏNİN DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
Lətif Qəndilov ikitərəfli münasibətlərin inkişafından danışmış, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdiyini, parlamentlər səviyyəsində deputat qruplarının qarşılıqlı səfərlərinin təşkilinə dair razılığın əldə olunduğunu, 2007-2008-ci illərdə Qazaxıstanda Azərbaycan mədəniyyəti günlərinin keçiriləcəyini bildirmişdir.
Səfir Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulmasını mühüm hadisə adlandırmış, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Qazaxıstan tərəfə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Diplomat demişdir ki, Azərbaycan ATƏT-ə sədrlik məsələsində Qazaxıstanın namizədliyini dəstəkləyir.
O.Abdıkərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Qazaxıstanın prinsipial mövqedə dayandığını və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir. Dövlət katibi Azərbaycanda taxıl, Qazaxıstanın Aktau şəhərində isə meyvə-tərəvəz terminallarının tikintisini ikitərəfli əlaqələrimizin dərinləşməsi istiqamətində mühüm amil adlandırmışdır.