İDMAN
Azərbaycanın şahmat tarixinə adı qızıl hərflərlə yazılmış Vüqar Həşimov heç vaxt unudulmayacaq VİDEO
Bakı, 24 iyul (AZƏRTAC, Samirə Allahaverdiyeva). İyulun 24-də dünya şöhrətli Azərbaycan şahmatçısı Vüqar Həşimovun 28 yaşı tamam olur. Bununla əlaqədar ikinci Fəxri xiyabanda görkəmli şahmatçının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bürüncdən hazırlanan abidənin hündürlüyü 2,57 metrdir. Abidənin müəllifi istedadlı heykəltəraş Azad Əliyevdir.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirib ki, Vüqar adını Azərbaycanın idman tarixinə parlaq hərflərlə yazıb. O, çoxlu sayda turnirlərdə qələbələr qazanaraq Vətənə medallarla qayıdıb, Avropa çempionu olub. Azərbaycan dövləti tərəfindən V.Həşimovun adının əbədiləşdirilməsi istiqamətində addımlar atılacağını vurğulayan nazir müavini onun adının gələcəkdə şahmat məktəblərindən birinə verilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyalarını öyrənəcəklər. Onlar çalışacaqlar ki, Vüqara oxşasınlar, Vətənimizi idman yarışlarında layiqincə təmsil etsinlər.
Şahmatçının atası Qasım Həşimov abidənin müəllifi Azad Əliyevə təşəkkürünü bildirib. O deyib ki, Vüqar Azərbaycanı sevən, şahmata sonsuz bağlı olan insan idi. Yadıma gəlmir ki, o, hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbəsi idi. O, həmişə Vətənə medalla qayıtmağı arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacağıq.
Tədbirdə digər çıxış edənlər də beynəlxalq qrossmeysterin keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıblar. Qeyd edilib ki, Vüqar Həşimovun Azərbaycan idmanında qoyduğu böyük iz, onun qələbələri, millimizin inkişafında xidmətləri heç vaxt unudulmayacaq. Xüsusi vurğulanmışdır ki, V.Həşimovun şahmatçı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük rolu olub.
Bildirilib ki, dünyanın tanınmış şahmatçılarından biri olan Vüqar Həşimovun vaxtsız vəfatı dünya şahmatı üçün böyük itkidir. Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqarın əvəzedilməz rolu olub. 2009-cu ilin payızında Serbiyanın Novi-Sad şəhərində keçirilmiş Avropa çempionatı şahmat həvəskarlarının yaxşı yadındadır. Azərbaycan milli komandası tarixində ilk dəfə qitə çempionu adını məhz Novi-Sadda qazanıb. Çempionatın sonuncu - doqquzuncu turunda məhz Vüqar Həşimovun qələbəsi sayəsində Azərbaycan şahmat tarixində ilk dəfə Avropa çempionu oldu. Böyük qələbədə baş rolu isə Vüqar oynadı.
Birinci ildir ki, tanınmış şahmatçının ailə üzvləri, dostları və onu tanıyanlar bu günü Vüqarsız qeyd edirlər. Azərbaycanın şahmat tarixinə adı qızıl hərflərlə yazılmış Vüqar Həşimov heç vaxt unudulmayacaq. Dünyasını vaxtsız dəyişmiş Vüqar Həşimov daim xalqının parlaq simalı övladlarından biri kimi anılacaq və hər zaman qürur mənbəyi kimi yad ediləcək.