AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ANKARADA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada səfərdə olmuşdur. Esenboğa hava limanında jurnalistlərin sualına cavab verən nazir bildirmişdir ki, Azərbaycan təbii qazının Rusiya ərazisindən Avropaya nəqli məsələsi “Qazprom” şirkəti ilə müzakirə olunur. Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin Bakıya səfəri zamanı da təbii qazın nəqli məsələsi gündəlikdə olacaqdır.
Elmar Məmmədyarovun Türkiyə paytaxtında ilk görüşü həmkarı Əli Babacanla olmuşdur. Nazirlər regional və ikitərəfli əməkdaşlıq, Türkiyənin irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması, digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Həmin gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər nazirini qəbul etmişdir. Qardaş ölkənin hökumət başçısı Azərbaycanla əlaqələrin yüksək səviyyəsindən, iki dost xalqın son illər daha da yaxınlaşmasından məmnunluğunu ifadə etmişdir. O bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng enerji layihələri, bu yaxınlarda Türkiyə hissəsinin təməli qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi məhz iki qardaş ölkənin uğurlu əməkdaşlığının nəticəsidir.
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmışdır. Türkiyənin hökumət başçısı da onun ən səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etmişdir.
Səfərin sonunda nazir Elmar Məmmədyarovu Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül qəbul etmişdir. Dövlət başçısı bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən əməkdaşlığın səviyyəsindən məmnunluğunu söyləmişdir. Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Abdullah Gülə çatdırmışdır. Türkiyənin dövlət başçısı da onun ən səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etmişdir.
Görüşlərdə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.
######
