Azərbaycanla Avstriyanın iqtisadi əlaqələrinin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan ilə Avstriya arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qurum ilə Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) arasında onlayn görüş keçirilib. Görüşdə ATAZ-ın prezidenti Qerald Qerstbauer, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək hər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
İşgüzar görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun investisiyaların təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov “Azərbaycanda biznes və investisiya mühiti” mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac və investisiya imkanlarının genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, bu cür görüşlərin iqtisadi əlaqələrin inkişafında rolunu qeyd edib.
Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.