Azərbaycanla əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanla əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: “Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaqdır”.