Azərbaycanlı alimin məqaləsi Rusiyada yüksək impakt faktorlu hüquq jurnalında dərc edilib
Bakı, 12 fevral, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayevin “Dövlətlərin ərazi bütövlüyü və xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbətinə dair” adlı elmi məqaləsi Rusiyada nəşr edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə bu ölkənin nüfuzlu elmi nəşri sayılan “Rusiya hüquq jurnalı”nın növbəti nömrəsində dərc edilib.
R.Qarayevin məqaləsində müxtəlif elmi dərketmə metodları əsasında dövlətlərin ərazi bütövlüyü, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbəti problemi tədqiq edilir. Müəllif beynəlxalq praktikanı və doktrinaları araşdıraraq belə bir nəticəyə gəlir ki, bu prinsiplərin normativ məzmunu bir-birinə zidd deyil. Bu prinsiplər müxtəlif rəhbəredici başlanğıcları və standartları ehtiva edir. Onların nisbətinin əsas parametri ondan ibarətdir ki, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinin məzmunu dövlətlərin ərazi bütövlüyünün pozulmasına aparan hərəkətlərin sanksiyalaşdırılmasına yönəlmiş heç bir göstəriş nəzərdə tutmur.
Qeyd edək ki, bu jurnal Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun elmi nəşridir. “Rusiya hüquq jurnalı” bu ölkədə müvafiq istiqamət üzrə ən yüksək impakt faktora malikdir və “Dövlət və hüquq. Hüquq elmləri” sahəsi üzrə birinci yer tutur. Jurnal “Web of Science” platforması əsasında olan “Russian Science Citation Index” sisteminə daxildir.