Azərbaycanlı alimlər “Mədəni irslərin araşdırılması” mövzusunda beynəlxalq konfransda iştirak ediblər
Bakı, 28 dekabr, AZƏRTAC
Koreyanın Beynəlxalq Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Mədəni irslərin araşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak ediblər.
Konfransda Koreya alimləri ilə yanaşı, Azərbaycan alimlərinin də iki məruzəsi dinlənilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli konfransda “Sovet rejiminin Azərbaycan ədəbiyyatına təsiri və bədii düşüncənin repressiyası” mövzusunda məruzə edib.
Professor B.Əhmədli AZƏRTAC-a bildirib ki, məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, rejim tərəfindən nəzarət mexanizminin ədəbiyyatdakı fəsadlarının yolverilməz olduğu qənaəti vurğulanıb. Məruzələr ətrafında müzakirələrdə Sunq Kyunqvan Universitetinin professoru Nam Qunq Conq və Sinhan Universitetinin professoru Nam Yonq Ho və başqa alimlər iştirak ediblər. Beynəlxalq konfransda oxunan məruzələrin materialları gələn ilin aprelində nəşr ediləcək. Bundan əlavə, Beynəlxalq Dil və Ədəbiyyat İnstitutunun ildə üç dəfə nəşr edilən “Elmi məqalələr” toplusunun növbəti sayı Azərbaycana həsr olunacaq.