Azərbaycanlı deputat Bolqarıstan Xalq Məclisinə keçirilən seçkiləri müşahidə edib
Sofiya, 14 iyul, AZƏRTAC
Bolqarıstan Xalq Məclisinin rəsmi dəvəti ilə bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstana səfər edib.
AZƏRTAC xəbər verir ki, R.Əliyev Sofiya şəhərinin Vitoşa seçki dairəsinin 20 məntəqəsində, Krasna Polyana seçki dairəsinin 12 məntəqəsində seçki prosesini müşahidə edib, eləcə də Şumen şəhərində yerləşən 6 məntəqəni və Velinqrad şəhərində yerləşən 4 məntəqəni müşahidə kameraları vasitəsilə izləyib.
Bolqarıstanda keçirilən parlament seçkilərini Azərbaycan da daxil olmaqla, 10 ölkənin parlamentini təmsil edən beynəlxalq müşahidəçilər izləyiblər. R.Əliyev tərəfindən aparılmış müşahidələrin nəticəsi Bolqarıstan Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Seçkilərin təşkili müsbət qiymətləndirilib, hər hansı ciddi qanun pozuntusunun aşkarlanmadığı qeyd edilib.
Milli Məclisin deputatı Rauf Əliyev səfər çərçivəsində Bolqarıstanın “Belə bir xalq var” partiyası, Avropa İnkişafı üçün Vətəndaşlar Partiyası (GERB), Bolqarıstan Sosialist Partiyası (BSP) və Hüquq və Azadlıqlar Hərəkatı (DPS) Partiyasının nümayəndələri ilə görüşlər keçirib, Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, ölkəmizdə həyata keçirilən siyasi, sosial və iqtisadi islahatlar, 44 günlük Vətən müharibəsi, həmçinin regiondakı hazırkı vəziyyət barədə ətraflı məlumat verib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya