Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasının xüsusi diqqət ayırdığı hesabatlar sırasındadır
Paris, 4 iyun (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Paris qərargahında bu təşkilatın Mədəniyyət, elm, təhsil və media Komitəsinin iyunun 4-də iclası keçirilmişdir.
Müxtəlif məruzələrin müzakirəsi ilə bağlı komitəyə həmin sahələr üzrə kənardan tanınmış ekspertlərin dəvət edilməsi təcrübəsi əvvəllər də tətbiq olunurdusa da, budəfəki iclasda gündəlikdəki bütün məruzələrlə əlaqədar müvafiq ekspert qrupları iştirak etmişdir. Şübhəsiz ki, bu da ətrafında fikir mübadilələri aparılan mövzuların aktuallığı ilə bağlı olmuşdur.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun üzərində işlədiyi “Etiqad azadlığı və dini təcrübələr” adlı məruzə bu baxımdan xüsusilə fərqlənir. Avropa Şurasında son illərdə ardıcıl şəkildə davam edən dinlər və mədəniyyətlərarası dialoq, daha dözümlü Avropa mühiti formalaşdırmaq kontekstində bu məruzəyə xüsusi diqqət yetirilir. Təsadüfi deyildir ki, dünyanın bir sıra dini icmalarının rəhbər strukturları da Avropa Şurası və məruzənin müəllifi Rafael Hüseynov ilə əlaqə saxlayaraq hesabatın hazırlanma gedişini maraqla izləyirlər. Azərbaycanlı deputat Mədəniyyət, elm, təhsil və media Komitəsinin bu iclasına məruzənin ilkin variantını avropalı deputatlara təqdim etmişdir. Həm dəvət edilmiş ekspert, həm də məruzəçi Rafael Hüseynov müzakirə iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar. Rafael Hüseynov demişdir: “İnanıram ki, çoxları üçün maraqlı olan bu mövzunun müzakirələri hələ komitədə bir neçə dəfə davam etdiriləcəkdir və bu, sadəcə ilk addımdır. Mənə tapşırılmış inanc azadlığı və dini ənənələrlə bağlı məruzənin təklif etdiyi tədqiqat dairəsi, şübhəsiz ki, genişdir və bir məruzə içərisində belə mürəkkəb, zəngin mövzu dairəsini bütün aspektləri ilə əhatə etmək çətindir, bəlkə də mümkünsüzdür. Çünki bu, dərindən araşdırılmalı onlarla detalları əhatə edən mövzudur ki, əslində həmin bəndlərdən hər biri özlüyündə ayrıca məruzəyə çevrilə bilər. Zənnimcə, doğru seçim ondan ibarətdir ki, problemin ümumi fəlsəfəsi və səciyyəsi verildikdən sonra konkret olaraq hansısa istiqamətlərə daha çox diqqət yetirilsin, onların mahiyyəti daha geniş şəkildə şərh edilsin. Dini təcrübələr sırasında oğlan uşaqlarının sünnət edilməsi məsələsi xüsusi yer tutur və bu ənənə çox qədimdir. Əlbəttə, bu ənənəni sırf dini çərçivə ilə də məhdudlaşdırmaq tam düzgün sayıla bilməz. Çünki bu adətə əsrlər boyu yalnız bir dinin təmsilçiləri əməl etməmişlər. Təməlində əqidə, inanc məsələsindən daha çox tibbi səbəblər dayanan sünnət, belə anlaşılır ki, sadəcə, əvvəldən insanların bu adətə daha sistemli bir şəkildə riayət etsin deyə dini çərçivəyə salınmışdır. Həm də orta əsrlərin müsəlman hüququna, fiqhə görə burada könüllülük əsas götürülmüş, nəinki başqa dinlərin nümayəndələrinə qarşı, hətta eyni dinin daşıyıcılarına da bu adətə əməl edilməsində heç bir məcburiyyət tətbiq edilməmişdir. Lakin tək bu məsələ deyildir. Dini təmayüllü geyim və rəmzlər, dini adətlərlə bağlı müəyyən günlərdə işləməmək və həmin qəbildən olan digər problemlər mütəmadi olaraq fikir ayrılıqları yaratmaqdadır. Lakin bütün sualların ən dəqiq cavabını adətən zaman verir. Elə ətrafında söhbət gedən problemlərlə bağlı da həyatın verdiyi doğru və dəqiq cavab vardır. Həmin cavabın doğruluğu və dəqiqliyini sübut edən isə artıq yalnız yüz illərlə deyil, min illərlə davam edən ənənədir. Həmin adətlərin milyonlarla insan tərəfindən belə nəhəng bir zaman ərzində ürəkdən istəyərək davam etdirilməsi onun yaşamaq haqqını sübut edən ən aşkar dəlildir. Lakin bütün bunlar müasir həyat, cəmiyyət və qanunlarla üzvi şəkildə necə əlaqələndirilməlidir? Məsələn, əgər insanlar əsrlər boyu öz ömürlərinin, ürəklərinin bir parçası olan balalarının zahirən ağrılı görünsə də sünnət edilmələrini lazım bilmişlərsə, demək ilk növbədə, bunun faydasını da düşünmüşlər. Hansı valideyn məntiqsiz yerə öz balasını ağrıya məruz qoymağı rəva bilər?! Tarixi təcrübə də əyani şəkildə göstərir ki, hələ heç bir övlad yaşa dolduqdan, dünyanı dərk etdikdən sonra valideynlərini ittiham etməyib ki, niyə onu uşaq ikən sünnət etmişlər. Amma artıq yavaş-yavaş nümunələrinin şahidi olduğumuz başqa bir hal isə insan haqları baxımından diqqət yetirilməyə layiqdir. Təkcinsli ailələr qurulur və onların rəsmən övladlığa uşaq götürüb saxlama halları da mövcuddur. Həmin uşaqlar böyüyəndən sonra hansı valideynlərin övladları olduqlarını anlayandan sonra ciddi psixoloji sarsıntılarla üzləşə bilərlər. Ona görə də qanun ilk növbədə, məhz gələcəyi çətin problemlər vəd edən belə halları diqqətdə saxlamalı və onların qarşısını almaq üçün tədbirlərini görməlidir. Əsrlərin sınağından uğurla çıxmış ənənələrdənsə qorxmaq lazım deyildir”.
Rafael Hüseynovun maraqla qarşılanan təqdimatından və fikir mübadilələrindən sonra qeyd edilmişdir ki, bu məruzənin hazırlanmasının növbəti mərhələlərində Parlament Assambleyasında Avropanın müxtəlif dini icmalarının və dinşünas alimlərin iştirakı ilə də ayrıca kollokviumun keçirilməsi vacibdir. Multukulturalizm və dinlərarası dialoq istiqamətində Avropa Şurasının təşkil edəcəyi və azərbaycanlı deputat Rafael Hüseynovun əsas məruzəçi olacağı həmin tədbirin 2014-cü ilin sonlarında keçirilməsi qərara alınmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris