İDMAN
Azərbaycanlı gənclər İnquşetiyanın Nazran şəhərində “Tələbə baharı Qafqazda” Beynəlxalq festivalında uğurla çıxış etmişlər
Bakı, 3 iyul (AZƏRTAC). İnquşetiya Respublikasının Nazran şəhərində Rusiya Gənclər Birliyinin, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə “Tələbə baharı Qafqazda” Beynəlxalq festivalı keçirilmişdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildirmişlər ki, festivalın ilk günündə iştirakçı ölkələrin təqdimatı keçirilmişdir.
Təqdimatda Azərbaycan mətbəxinin ən gözəl nümunələri, şirniyyat və eləcə də müxtəlif əl işləri, milli xalçamız və suvenirlərimiz nümayiş olunmuşdur.
Milli rəqs və musiqilərimizin təqdimatından sonra digər iştirakçı ölkələrə Azərbaycan komandasının adından hədiyyələr təqdim edilmişdir.
Rusiya Federasiyasının və İnquşetiyanın dövlət və hökumət nümayəndələrinin də iştirak etdikləri konsert 15 ölkədə canlı yayımlanmışdır.
Festivalda gənclərimizin çıxışı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
Sonda təşkilatçılar tərəfindən Azərbaycan komandasına “Tələbə baharı Qafqazda” festivalının laureat diplomları və hədiyyələri təqdim olunmuşdur.
Konsertdən sonra İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurov Azərbaycan nümayəndə heyətini qəbul edərək tələbələrimizin uğurlu çıxışlarını xüsusi vurğulamışdır.
Görüşdə Azərbaycan və Rusiya arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafı, iki ölkənin gənclər təşkilatları təfindən irəli sürülməsi nəzərdə tutulan təşəbbüslər müzakirə olunmuşdur.