Azərbaycanlı müəllifdən qeyri-adi kitablar
Bakı, 24 fevral, AZƏRTAC
Təhsilin idarə olunması üzrə yerli və beynəlxalq təcrübəyə malik mütəxəssis, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsiminin “Əvvəlki sən olma”, “Yeni sən yarat” adlı kitabları işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Təkər=uğur” konsepti əsasında hazırlanan hər iki kitab qeyri-adiliyi ilə seçilir. Təkər və saat formasında çap edilən kitabların ortaq məqsədi yaradıcılığı və ictimaiyyətlə əlaqələri inkişaf etdirmək, hadisələrə daha orijinal və kreativ gözlə baxmaq, fərq yaratmaq, effektiv kommunikasiya qurmaq, ətrafdakılarla səmərəli ünsiyyəti təkmilləşdirmək, müsbət vərdişlər formalaşdırmaq, müşahidə qabiliyyətini dərinləşdirmək, həyat keyfiyyətini yüksəltməyə dəstək olmaqdır.
Hər iki kitabda ABŞ, İngiltərə, İsrail, Yaponiya, Finlandiya, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Çin, İtaliya və Niderlanddan müxtəlif peşə sahibləri ilə müsahibələr təqdim edilib.
Gözləri görməsə də heyrətamiz rəsmlər çəkən, yarpaq üzərində tikişlə məşğul olan, hekayələrini ayaqqabıdan hazırladığı heykəllərlə çatdıran, çəkdiyi rəsmləri müxtəlif əşyalarla tamamlayan şəxslərdən tutmuş “Cannes Lions” beynəlxalq yaradıcılıq festivalının təmsilçisinədək, eləcə də yaradıcı direktor, ssenarist, rejissor, səyyah, kulinar, bəstəkar, alim, iş adamı və başqalarından alınan müsahibələr oxucuları yeni ideyalarla dolu yaradıcılıq səyahətinə dəvət edir. Professorlar Lütfü Zadə, Əziz Səncər və digər şəxslərin müsahibələrinin əks olunduğu kitablar “yol yoxdur” deyənlərə “yox yoldur” cavabını verir.
Kitabların ədəbi redaktoru və məsləhətçisi Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltandır.
“Əvvəlki sən olma” kitabının rəyçiləri “Cannes Lions” beynəlxalq yaradıcılıq festivalının departament rəhbəri Fiorenzo Plinio və professor Qafar Cəbiyevdir. “Yeni sən yarat” kitabının rəyçiləri isə Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti Mehmet Ali Talat, professor Şahlar Əsgərovdur.
“Yeni sən yarat” kitabının “Bələdçi” adlanan mündəricatında “Xoşbəxt yOL”, “Fərq yaradanlar”, “Uğur... virusdur”, “Məşhur olmaq 3 il vaxt alır”, “Təşəkkür etmək stresi azaldır”, “Yastığınızla məsləhətləşin” və s. başlıqlar əks olunub.
“Əvvəlki sən olma” kitabının “Mayak” adlanan mündəricatı “Barmaqlar da görür”, “Kim olmaq istəyirsiniz?”, “Nə qədər qəribəsiniz?”, “Bu gün özünüzlə bağlı nə öyrənmisiniz?”, “Qanadlı adam”, “Birlərdən nələr yaratmaq olar?”, “Nə zaman 1+1=5?”, “Hər səhər hesabınıza 86400 dollar yatırılır” və digər başlıqlardan ibarətdir.
Cəfər Mənsimi təhsil aldığı Doğu Akdeniz Universitetinin tarixində ilk dəfə olaraq ödənişsiz oxumaq haqqı qazanıb. Bakalavr təhsilini kafedra birincisi olaraq tamamlayan C. Mənsimi uğurlarına görə hər iki təhsilini Şimali Kipr Türk Cümhuriyyəti Təhsil Nazirliyinin təqaüdü ilə davam etdirib.
O, beş kitabın ideya müəllifi və tərtibçisi olmaqla yanaşı, bir sıra başqa nəşrlərin məsləhətçisidir. Həmçinin xeyli sayda təhsil layihələrinin, beynəlxalq forum və konfransların təşkilatçısı və təşəbbüskarı olub. On beş ildən çoxdur ki, Azərbaycan mətbuatında təhsil mövzusunda yazılarla çıxış edir. Onun təqdimatında Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsindən "Yeni çağırışlar" müzakirə proqramı yayımlanır və bu proqramda dünyada tanınan mütəxəssislərlə müzakirələr aparılır. “HundrED” qlobal təhsil təşkilatının Azərbaycandan ilk təhsil səfiri seçilən C.Mənsimi hazırda Yaxın Doğu Universitetinin təhsilin idarə olunması üzrə doktorantıdır.