MƏDƏNİYYƏT
Azərbaycanlı prodüser Berlində keçiriləcək 62-ci Beynəlxalq “Berlinale” film festivalında iştirak edəcəkdir
Bakı, 2 yanvar (AZƏRTAC). Bu il fevralın 9-dan 19-dək Almaniyanın paytaxtı Berlində 62-ci Beynəlxalq “Berlinale” film festivalı keçiriləcəkdir.
Bu mötəbər sənət yarışmasında ölkəmizi Finlandiyada yaşayan azərbaycanlı prodüser Tahir Əliyev təmsil edəcəkdir.
AZƏRTAC xəbər verir ki, 137 ölkənin 4300 namizədi arasından seçilmiş T.Əliyev festivalda prodüseri olduğu yeni “Woman on hold” (“Gözləyən qadın”) filmi ilə iştirak edəcəkdir. Bu ekran əsəri Avropanın, o cümlədən Finlandiyanın bir neçə film fondları, Avropa Sənədli Filmlər Şəbəkəsi (EDN) və İtaliyanın Turin şəhərində keçirilən Avropada sənədli filmlər forumu tərəfindən böyük dəstək almışdır.
Film Finlandiyanın 1-ci və İspaniyanın “Chello Multi” telekanalları ilə birgə Zambiyanın paytaxtı Lusakada çəkilmişdir.
“Gözləyən qadın” filmi artıq ötən ildə Hollandiyada keçirilmiş Beynəlxalq Rotterdam və Amsterdam kinofestivallarının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunmuşdur.
T.Əliyevin 2004-cü ildə ilk işi olan “Melanxoliyanın 3 otağı” filmi 2005-ci ildə Finlandiyanın ən yaxşı sənədli film mükafatına, eləcə də Venesiya kinofestivalının insan hüquqları və 30-dək digər mükafatlara layiq görülmüşdür.
T.Əliyev 2004-cü ildən etibarən Finlandiyada təhsil almış və 2007-ci ildə Helsinki Metropolia Universitetində təhsilini magistr dərəcəsi ilə tamamlamışdır.
Hazırda T.Əliyev bu il Bakıda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsində nümayəndə meneceri və prodüser vəzifələrində çalışır.