İDMAN
Azərbaycanlı qarışıq cütlük dünya yaş qrupları yarışlarında yeddinci olub
![Azərbaycanlı qarışıq cütlük dünya yaş qrupları yarışlarında yeddinci olub](/files/2022/1/1200x630/164648876981261784_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 12-18 yaş kateqoriyasında mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulin yeddinci olub.
AZƏRTAC xəbər verir ki, cütlüyümüzün final mərhələsində çıxışı hakimlər tərəfindən 26,400 xalla qiymətləndirilib.
Qarışıq cütlüklərin yarışında qızıl medalı İsrail komandası qazanıb. Onların çıxışına hakimlər 27,450 xal veriblər.
Rusiyalı cütlük 27,340 xalla yarışı ikinci, Qazaxıstan komandası (26,750) isə üçüncü pillədə başa vurublar.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.