Azərbaycanlılar o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırlar
Sumqayıt, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonunun təhsil müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Yanvarın 19-da Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas məktəb-liseyində Qanlı Yanvar şəhidlərinin xatirəsini anma mərasimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru, Əməkdar Müəllim Şamama Həsənova Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixinə qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələrini, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi qiymətləndirib. Bildirilib ki, faciə zamanı 147 insan şəhid olub, 744-ü xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib. Ş.Həsənova SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayətin xalq kütlələrini daha da birləşdirdiyini, onların mübarizliyini daha da artırdığını vurğulayıb.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq bildirib ki, bu gün 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.
A.Haqverdiyev bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdığını, milli azadlığına qovuşduğunu vurğulayıb. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil olub. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunan şerlər səsləndirilib, ədəbi-bədii kompozisiya göstərilib.