“AZƏRBAYCANLILAR VƏ AMERİKALILAR: BİR-BİRİMİZİ NECƏ GÖRÜRÜK” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Diplomatik Akademiyası (ADA) avqustun 13-də Bakıda “Azərbaycanlılar və amerikalılar: bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Konfransın məqsədi Azərbaycan ictimaiyyətini Amerikanın siyasi reallıqları və ABŞ ictimaiyyətini Azərbaycanda baş verənlər barədə daha ətraflı məlumatlandırmaq idi. Müzakirələrdə Azərbaycana səfər edən ABŞ-ın bir sıra nüfuzlu media orqanlarının, o cümlədən “Los-Anceles Tayms”, “Nyusuik”, “Nyu Republik”in siyasi icmalçıları, Azərbaycan hökumətinin rəsmiləri, yerli media və QHT təmsilçiləri iştirak etmişdilər.
Konfransda çıxış edən xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev demişdir ki, ABŞ-Azərbaycan münasibətlərində ilkin illər ərzində yaranan çətinliklər məhz iki ölkə ictimayyətinin bir-biri haqqında kifayət qədər məlumata malik olmaması ilə bağlı idi. Hazırda vəziyyət dəyişsə də, bu mövzu daim diqqətdədir. 2008-ci il həm ABŞ-da, həm də Azərbaycanda prezident seçkiləri ilidir. Bu baxımdan, ictimaiyyətlərimizdə olan qarşılıqlı maraq və qarşılıqlı məlumata ehtiyac bir qədər də çoxdur.
Konfransdakı müzakirələr əsasən üç mövzu - media vasitələrinin xarici siyasətə təsiri, azərbaycanlıların və amerikalıların biri-birinə münasibəti və ABŞ-dakı seçkilərin beynəlxalq aləmdə doğuracağı əks-səda ətrafında aparılmışdır.
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Şəfəq Akifqızı konfransdakı çıxışında vurğulamışdır ki, ictimai diplomatiya demokratik cəmiyyətlərdə mühüm rol oynayır. ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilsə də, Azərbaycan icmasının Birləşmiş Ştatlara münasibəti birmənalı deyildir. Bunun əsas səbəbləri xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın vasitəçi səylərini qənaətbəxş hesab etməməsi, eləcə də Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci düzəlişin Konqres tərəfindən aradan qaldırılmaması ilə bağlıdır. Baxmayaraq ki, həmin düzəlişin qüvvəsi 2001-ci ildən etibarən hər il Ağ ev tərəfindən dayandırılır və ikitərəfli münasibətlərə real təsir etmir, lakin Azərbaycan xalqı onun hələ də mövcudluğundan narazıdır. İctimaiyyətin bu istəyi isə mütəmadi olaraq ikitərəfli müzakirələr zamanı Azərbaycan diplomatları tərəfindən ABŞ rəsmilərinə çatdırılır.
Konfransın xarici iştirakçıları Azərbaycana səfər zamanı müxtəlif görüşlər keçirmiş, Bibiheybət məscidində, xristian kilsəsində olmuşlar. Xarici jurnalistlər Diplomatik Akademiyada AZƏRTAC və APA agentliklərinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “dəyirmi masa” görüşündə də iştirak etmişlər.
######
